​BAKI, 25 aprel. TELEQRAF

"Çapar - Milli İrsin Tədqiqi Mərkəzi" İctimai Birliyinin sədri Dilqəm Əhməd Türkiyənin İzmir şəhərində yaşayan mühacir şair Almas İldırımın oğlu Azər Elması evində ziyarət edib.

Teleqraf xəbər verir ki, görüş çərçivəsində Dilqəm Əhmədin tərtib etdiyi və Almas İldırımın şeir və məqalələrindən ibarət olan "Dəhşətli ölüm düşərgələri" kitabı şairin oğluna təqdim olunub. Görüşdə İzmirdə yaşayan bir qrup azərbaycanlı gənc də iştirak edib.

Tədbir zamanı Almas İldırımın ömür yoluna nəzər salınıb, onunla bağlı maraqlı xatirələr dinlənilib. Atası kimi milli ruhda şeirlər yazan Azər Elmas müəllifi olduğu bir şeiri səsləndirib və zəngin ədəbi arxivi ilə iştirakçıları tanış edib.

Qeyd edək ki, görüşlə bağlı videosujet yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.