BAKI, 1 fevral. TELEQRAF

“Elm obyektiv olmalıdır, amma onu yaradan insanlar həmişə obyektiv olmur” – bu fikir XX əsrin ən böyük elmi kəşflərindən birinin kölgəsində qalan alim Rosalind Franklinin taleyini dəqiq ifadə edir.

Bəs Rosalind Franklin kim idi?

Teleqraf elmin əsas sütunlarından biri olan DNA-nın kəşfində həlledici rol oynamış, lakin adı uzun illər gizlədilmiş qadın alim haqqında maraqlı faktları təqdim edir.

Rosalind Franklin 1920-ci ildə Böyük Britaniyanın London şəhərində anadan olub. O, Kembric Universitetində təhsil alıb və kristalloqrafiya sahəsində ixtisaslaşıb. Franklin maddələrin molekulyar quruluşunu öyrənmək üçün rentgen şüalarından istifadə edən qabaqcıl alimlərdən biri olub.

1952-ci ildə Franklin DNA molekulunun quruluşunu göstərən məşhur “Photo 51” adlı rentgen görüntüsünü əldə etdi. Bu görüntü DNA-nın spiral quruluşda olduğunu açıq şəkildə sübut edirdi. Lakin onun xəbəri olmadan foto Franklinin həmkarları tərəfindən Ceyms Uotson və Frensis Krikə təqdim olundu. Məhz bu görüntü əsasında DNA-nın ikili spiral modeli formalaşdırıldı və kəşf kişi alimlərin adı ilə tarixə düşdü.

Rosalind Franklin çalışdığı elmi mühitdə qadın olduğu üçün tez-tez kənarda saxlanılırdı. Onun elmi nailiyyətləri lazımi səviyyədə qiymətləndirilmirdi, fikirləri isə ciddi qəbul olunmurdu.

1962-ci ildə Uatson, Krik və Moris Uilkins DNA-nın kəşfinə görə Nobel mükafatı aldılar. Rosalind Franklin isə artıq həyatda deyildi və bu mükafatda onun adı qeyd olunmadı.

Franklin 1958-ci ildə, 37 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Qeyd edək ki, bu gün elmi ictimaiyyət Rosalind Franklinin DNA-nın kəşfindəki rolunu açıq şəkildə etiraf edir. Onun hekayəsi elmdə qadınların üzləşdiyi görünməz maneələri və tarixin çox zaman kimin adını yazdığını seçdiyini birdaha göstərir.