BAKI, 22 may. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio yeni yalanlarla Kubaya qarşı hərbi aqressiyanı təhrik etməyə çalışır.
“Teleqraf” xəbər verir ki, bu barədə Kuba xarici işlər naziri Bruno Rodriges Parrilya “X” sosial şəbəkəsində paylaşım edib.
Nazir bildirib ki, ABŞ dövlət katibi növbəti dəfə yalan danışaraq kubalılar və amerikalılar arasında qan tökülməsinə səbəb ola biləcək hərbi qarşıdurmanı təşviq edir.
Bruno Rodriges Parrilya vurğulayıb ki, Kuba heç vaxt ABŞ-ın milli təhlükəsizliyi üçün təhdid olmayıb. Onun sözlərinə görə, əksinə, ABŞ hökuməti uzun illərdir Kuba xalqına qarşı sistemli təzyiq göstərir və son aylarda yanacaq idxalına qadağalar tətbiq etməklə ölkə iqtisadiyyatının çöküşünə şərait yaradır.
Nazir qeyd edib ki, Marko Rubio Kubanı terrorizmi dəstəkləyən dövlət adlandırsa da, uzun illər ərzində ABŞ ərazisindən Kubaya qarşı terror aktları təşkil olunub və həmin şəxslər Vaşinqton tərəfindən gizlədilib.
Rodriges Parrilya əlavə edib ki, ABŞ-nin birtərəfli sanksiyaları Kubanın iqtisadi inkişafı üçün əsas maneəyə çevrilib və bu tədbirlər ölkənin bütün sahələrinə, o cümlədən özəl sektora ciddi zərbə vurur.
Qeyd edək ki, ABŞ hökuməti yanvarın əvvəlində Kubaya yanacaq tədarükünün tam blokadasına yönəlmiş tədbirlər qəbul edib. Mayın 1-də isə enerji sektorunda Kubaya yanacaq göndərmək istəyən ölkələrə qarşı ikinci dərəcəli sanksiyaları nəzərdə tutan yeni fərman qüvvəyə minib.