BAKI, 22 may. TELEQRAF

ABŞ-nin Tennessi ştatında ölüm hökmünə məhkum edilmiş Toni Karrutersin edamı uğursuz cəhddən sonra ən azı bir il müddətinə təxirə salınıb.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, ölümcül inyeksiya vasitəsilə hökmün icrası zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları kateter yerləşdirmək üçün damar tapa bilməyiblər. Bu səbəbdən edam prosesi dayandırılıb.

Telekanal qeyd edib ki, ABŞ-də oxşar problemlər səbəbindən edamların ləğv olunması halları daha əvvəl də qeydə alınıb.

57 yaşlı Toni Karruters 1994-cü ildə üç nəfərin oğurlanaraq öldürülməsində təqsirli bilinib və ölüm cəzasına məhkum edilib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Ədliyyə Nazirliyi ölüm hökmlərinin icrası prosedurlarını sadələşdirib və edam üsulları siyahısına güllələnməni də daxil edib.