BAKI, 14 iyun. TELEQRAF
NATO-ya məxsus "Bombardier Challenger 650 Artemis II" tipli kəşfiyyat təyyarəsi Rusiya və Belarus sərhədlərinə yaxınlaşmadan Litva, Latviya və Estoniyanın hava məkanında uçuşlar həyata keçirib.
Teleqraf xəbər verir ki, bu barədə TASS Avropa İttifaqının aviadispetçer dairələrindəki mənbəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, Rumıniyanın Konstansa aerodromundan havalanan təyyarə Polşanın şərqindən keçərək Baltikyanı ölkələrin səmasına daxil olub. Finlandiya körfəzi sahili boyunca geriyə dönən kəşfiyyat təyyarəsi daha sonra Latviyanın mərkəzi hissəsinə doğru dövrə vurmağa başlayıb. Mənbə təyyarənin Rusiya və Belarusla həmsərhəd olan bölgələrə daxil olmadığını qeyd edib.
Məlumata görə, sözügedən təyyarə daha əvvəl Rusiyanın Kalininqrad vilayəti ətrafında, həmçinin Baltik və Qara dənizin neytral suları üzərində də tez-tez kəşfiyyat uçuşları keçirib. Hətta bir neçə dəfə onu Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus "Boeing RC-135W" strateji kəşfiyyat təyyarəsi də müşayiət edib.