BAKI, 14 iyun. TELEQRAF

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda prioritetlərdən biri də emal sənayesinin inkişaf etdirilməsi, kənd təsərrüfatına dayaq olmasıdır.

Bunu Teleqraf-a açıqlamasında iqtisadçı ekspert Cəfər İbrahimli bildirib.

Onun sözlərinə görə, illərdir emal sənayesinin istənilən səviyyədə olmaması müzakirə edilir:

"Buna görə kənd təsərrüfatının dayanıqlığı üçün emal sənayesinin inkişafı çox vacibdir.

İllərdir fermerlərə sahibkarlıq fondu və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİ) tərəfindən güzəştli kreditlər verilir. Eyni zamanda təsərrüfatlara əkin və məhsul subsidiyası ayrılır. Paralel olaraq texnika və heyvandarlıq üçün güzəştli qiymətlərlə satış tətbiq olunur. Bunlar illərdir işlək mexanizmlərdir. Yeni mexanizm bir qədər fərqlidir. Südçülük təsərrüfatlarının yem bazasının, südün maya dəyərinin bir hissəsinin dövlət tərəfindən subsidiyalaşdırılması planlaşdırılır. Heyvandarlıqla bağlı illərdir müzakirə olunan, amma ciddiyə alınmayan ikinci vacib məsələ də həllini tapacaq. Bu da, xüsusilə, xırdabuynuzlu heyvanlar üçün otlaq ərazilərinin şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər görülməsidir. Bu, heyvandarlığa dəstək mexanizmi olaraq düşünülür", - deyə vurğulayıb.

Onun sözlərinə görə, digər vacib məsələ isə fermerlərin qısa müddətdə kommersiya banklarından, fond və ya digər yerlərdən təsdiq gözləmədən kommersiya krediti götürə bilmələridir:

"Kommersiya kreditinin faizi yüksək olur. Həmin faizlər yüksək olduğu üçün onun 50%-nin dövlət tərəfindən subsidiyalaşması düşünülür. Beləliklə, fermerin maliyyə xərcləri azalmış olacaq. Banklar bu krediti açarkən təminat tələb edirlər. Lakin sahənin işlək olması üçün hər hansı zəmanət, təminat tələb olunmamalıdır.

Bankların regionlardakı filiallarında vətəndaşların torpaqlarının reyestrdən çıxarışı var. O torpaqların qısa müddətdə girov qoyularaq və ya mövcud təsərrüfatdakı əkin sahələri nəzərə alınaraq müəyyən güzəştli müqavilə tərtib oluna bilər. Məhsulun satışından yaranan vəsait ilə də borcun ödənilməsi üçün öhdəlik mexanizmi yaratmaq mümkündür. Beləliklə, fermer 1-2 gün ərzində sürətli kredit götürə bilər. Əks təqdirdə mexanizm o qədər işlək olmayacaq. Kredit mexanizması həll olsa, fermerlərin maliyyə əlçatanlığı yaxşılaşacaq".