BAKI, 14 iyun. TELEQRAF
Rusiya hər gün Ukraynanın mülki infrastrukturunu hədəf alaraq şəhər və qəsəbələrə yüzlərlə zərbə endirir.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında məlumat verib.
Dövlət başçısı Rusiyanın son bir həftədə törətdiyi hücumların statistikasını açıqlayıb:
"Təkcə bu həftə ruslar Ukraynaya 1920 zərbə dronu, 1790 idarəolunan aviasiya bombası və müxtəlif tipli 17 raket atıblar. Bu zərbələrin qarşısını almaq üçün müdafiə imkanlarımız daha da artırılmalıdır".
V.Zelenski Rusiya terroruna karşı müdafiəni gücləndirmək üçün müttəfiqlərlə mühüm görüşlərə hazırlaşdıqlarını qeyd edib:
“Öndə bizi G7, Avropa İttifaqı və NATO sammitləri gözləyir. Bu danışıqların konkret qərarlarla yekunlaşması olduqca vacibdir. Tərəfdaşlarımızla məzmunlu görüşlərin keçirilməsini gözləyirik”.
Ukrayna lideri ölkəsinin əsas hərbi ehtiyaclarını və hədəflərini də diqqətə çatdırıb:
“Bizə ilk növbədə hava hücumundan müdafiə (HHM) sistemlərinin dəstəklənməsi, uzaqmənzilli silah imkanlarımızın artırılması və Rusiyaya qarşı sanksiya təzyiqlərinin daha da gücləndirilməsi lazımdır. Biz bu müharibəni layiqincə və zəmanətli təhlükəsizlik şəraitində başa vurmalıyıq. Buna isə yalnız tərəfdaşların gücü, birliyi və Rusiyaya edilən təzyiqlər sayəsində uzunmüddətli nail olmaq mümkündür. Bizə kömək edən hər kəsə təşəkkür edirəm”.