Muğam Müsabiqəsinin qalibi, gənc xanəndə Güllü Muradova ilk dəfə olaraq Opera və Balet Teatrının səhnəsinə Leyli rolunda çıxış edəcək.

Bu barədə Teleqraf.com-a açıqlama verən səhnəmizin gənc Leylisi qeyd edib ki, onun tərəf müqabili əməkdar artist, Opera və Balet Teatrının solisti Səbuhi İbayev olacaq.

Leyli partiyasını ifa etməyin çoxdan arzusunda olduğunu deyən xanəndə həyəcanını gizlətməyib: “Bu günə qədər səhnəmizdə istər yaşlı sənətkarlarımız, istərsə də gənc sənətçilərimiz Leyli rolunda çıxış edib. Hər bir gənc sənətçinin arzusudur ki, opera səhnəsində bu möhtəşəm sənət əsərində Leyli olsun. Mənə də nəsib oldu. Çox şanslı və xoşbəxtəm. Həmişə sənət yoldaşlarımın təqdimatında “Leyli və Məcnun” operasını izləyirdim, Leyli və Məcnun obrazına heyranlıqla tamaşa edirdim. Özüm o əsərin içinə daxil olandan sonra sanki yeni bir aləmə düşdüm və iki qəhrəmana yenidən aşiq oldum. Çox həyəcanlıyam. Çalışacağam ki, ümidləri doğruldum. Bu işdə mənə kömək olan əməkdar artist, tarzən Elxan Mansurov və rejissorumuz Hafiz Quliyevə minnətdaram. Ustadlarım xalq artistləri Arif Babayev və Mənsum İbrahimovdan da məsləhətlərimi alıram”.

Tərəf müqabilindən də danışan Güllü Muradova Səbuhi ilə həyatda da dost olduğunu bildirib: “Səbuhi ilə həyatda da dostuq. Düşünürəm ki, səhnədə uğurlu tərəf müqabili olmaq üçün həyatda da münasibətlər qaydasında olmalıdır”.

Quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev olan tamaşa dekabr ayının 3-də axşam saat 19: 00-da təqdim olunacaq.

Nərmin