Fira adıyla məşhur olan aparıcı Firuzə Cəlilova Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik:
-Hazırda "Xəzər" telekanalında "Oyan Azərbaycan" verilişinə aparıcılıq edirsiniz...
-Fikrimcə, bu günə qədər apardığım verilişlərin içində ən dəyərlisidir... Yeganə verilişdir ki, bütün sahələri əhatə edir, sosial məsələdən tutmuş əyləncəyə qədər. İnsanları maarifləndirir, əyləndirir və informasiya verir. Mən verilişdən istədiyim reytinqi alıram. Kütləni deyil, müəyyən auditoriyanı əhatə etmək istəyirəm. Bunu maarifləndirici veriliş hesab etmirlərsə, bu, onların problemidir.
- Səhər verilişində sosial problemlərlə reytinq əldə etmək çətindir. Reytinq üçün xüsusi nə edirsiniz?
-İlk öncə deyim ki, heç vaxt verilişimə bayağı müğənni dəvət etmirəm. Mələkxanım Əyyubova deyir ki, yalnız sənin və Yusif Ağayevin verilişinə gedirəm. Eləcə də Rəvan Habiloğlu və Şəmistan Əlizamlı. Bunlar artıq bizim üçün göstəricidir.
Böyük məmuniyyətlə verilişimdə xalq artisti Zeynəb Xanlarovanı görmək istəyərəm. Verilişimin bayağılaşmaması üçün əlimdən gələni edirəm.
-Sizi küçədə tanımayanlar da olur...
-Əlbəttə, tanımayan tamaşaçı da var. Bakı balaca şəhərdir, amma hər kəs hamını tanımaq məcburiyyətində deyil. Xarici görünüş baxımından tez-tez dəyişirəm, bəlkə də ona görə tanımırlar. Hətta həyat yoldaşımın zarafatı da var, məni tanınmayan insanla qarşılaşanda deyir ki, "Xəzər"in aparıcısıdır. Təbii, tanıyanlar da çoxdur. Ulduzluq xəstəliyinə tutulmamışam.
-Şıltaq xanımsınız. Hərdən zarafatlarınıza izləyicilər irad tutur...
-Bəli, yalan nə deyim, hərdən şıltaqlığım iradla qarşılanır. Amma niyə bəyənmədiklərini anlamıram. Həyatda necə insanamsa, ekranda da elə hərəkət edirəm. Özümüzü mütləq aktyor kimi göstərməliyik? Gülümsəyək, rəsmi danışaq və reklam fasiləsində söyüş söyməyə başlayaq... Bu hərəkəti bir çox həmkarlarımda görmüşəm.
Kamera qarşısında insanlara gülür, dərdinə şərik olur, amma efir bitdikdən sonra tamaşaçının üzünə də baxmır. Mən isə efirimə gələn bütün tamaşaçılarla tək-tək görüşürəm.
-Dediyiniz aparacıların adını çəkə bilərsiniz?
- O tipli aparıcılar televiziya kanallarımızda var. Nə yalan deyim, ad çəksəm, məni daşlayarlar (gülür). Hətta hərdən zaraftla deyirəm ki, məni kimi bir-iki aparıcı olsa, səviyyəli verilişlərin sayı artar. Demirəm ki, mükəmmələm... Sadəcə düşünməyi, xarici mətbuatı, gündəmdəki hadisələri izləməyi sevirəm.
Redaktorlarımız isə Azərbaycanı, Türkiyəni, Moskva mediasını izləyirlər. Amerikaya, Avropaya çıxmaq lazımdır. Bəzən mənə deyirlər ki, verilişdə qonağını danışmağa qoymursan. Deyirəm, üç saatlıq efirim var. Bəzi qonaqlarımı efir bitməmiş yola salmışam. Bu sirri ilk dəfə açıram, qonaqlarımı yola salmaq üçün efirə rublikaları verdirirəm. Efirdə sağollaşmıram. Görürəm, oturub özünü tərifləyir.
-Dəvət etdiyiniz müğənnilərdən gəlməyənlər olur?
-Murad Arifdən incimişdim. Yeni ildə özü mənə yaxınlaşdı, barışdıq. Verilişin yeni il buraxılışına dəvət etmişdim. Gəldi, yarım saat gözləməyib, efirə çıxmadan getdi. Dedi, yas mərasimi var. Həftənin dördüncü gün idi, əvvəlcədən bilirdi ki, cümə axşamı var. Çəkilişlər də uzana bilər. Eləcə bir gün öncə mənə zəng edib deyə bilərdi ki, Fira, incimə efirə gələ bilmirəm, ailəmdə yas mərasimi var. Bir dəfə üzümə gülməklə mövzunu bağladım (gülür).
Gələcəkdə hədəflərimiz böyükdür, verilişimdə Polad Bülbüloğlunu görmək istəyərəm. Onun vurğunuyam. Yayda Moskvaya getmək və Polad müəllimi çəkmək istəyirəm.
-Polad Bülbüloğlu ilə şəxsi tanışlığınız varmı?
-Xeyr, şəxsi tanışlığımız yoxdur. Verilişimi sanballı edirəm ki, Polad müəllim sabah "Youtube"da izləyəndə səviyyəsini görsün. İdman və gənclər naziri Azad Rəhimov verilişimizi bəyənib, şəxsən özüm dəvət etmişəm və dəvətimizi qəbul edib. Söz verib ki, verilişimizə gələcək.
-Eşitdiyimizə görə, "Xəzər" TV-nin rəhbərliyi aparıcılara müsahibə verməyə qadağa qoyub. Doğrudurmu?
-İlk dəfə eşidirəm. İcazə verilməsəydi xəbərim olardı.
-Verilişinizdə sponsorlarla özünüz danışırsınız?
-Xeyr, şirkətimizin reklam əməkdaşları danışır. Bizim verilişimizə istənilən şirkət sponsor ola bilməz. Verilişimizdə sanballı şirkətlər təqdim edilir. Əlavə sponsor qəbul etmirəm.
-Telekanalda ən çox sponsor Çiçək Vakkasın verilişindədir?
- Xeyr, bildiyimə görə, Zaur Kamalın verilişində sponsor daha çoxdur.
-"Space", "Lider", "ATV" və hazırda "Xəzər"də çalışırsınız. Kanalları səviyyə və iş mühitinə görə müqayisə edə bilərsiniz?
-Heç kim məndən inciməsin. Etibar Babayevin dövründə "Space" kanalının gözəl vaxtları idi, o kanalı onda sevmişəm. İndi dəvət etsələr də getmərəm. İlk dəfə fəaliyyətimə "Space"də başlamışam. Televiziyada ilk qədəmimi Etibar Babayev, Nadir Axundov, Nadir Bədəlov, İlhamə Novruzova, Nərgiz Cəlilova ilə atmışam. Onların əlinin altında işləmişəm və buna da sevinirəm.
-Nərgiz Cəlilovanın sizə dəstəyi olub?
- Bəli, Nərgiz xanım heç kimin verilişinə getmir, amma mənim verilişimə gəldi. Rafiq Hüseynov efirimdə qonaq olub. Bu, məni çox sevindirir.
- Kanalları iş mühitinə görə müqayisə etmədiniz…
-"Lider" indi də, əvvəl də yaxşı idi. Ailə kanalı idi və dostlarımə orada qazanmışam. ATV-də çox az işlədim. Yaxşı mühiti vardı. Amma orada da bir-iki dostum qalıb. Aparıcılar yalnız efir üçün işləmirlər və bir-birinə hörmət edirlər.
- Hansı kanalda daha çox pul qazanmısınız?
-"Xəzər"də daha çox pul qazanıram. Özəl dəvət alıb gəlmişəm.
-Həyat yoldaşınız dövlət işində çalışır. İki övlad sahibisiniz. Maraqlıdır, ailənizdə sizin, yoxsa həyat yoldaşınızın sözü keçir?
-Evdə tapılırıq ki, biri-birimizə sözümüzü deyək (gülür). Amma həftənin beş günü dəniz kənarında hər axşam birlikdə gəzirik. Deyirlər, xanım həyat yoldaşını boş buraxsa, o, kənar yola gedər. Mən onu boş buraxmıram, yorğun olsam belə israrla gəzməyə gedirik. Həftədə bir dəfə mütləq kinoteatrda oluruq.
-Həyat yoldaşınızla aranızada fikir ayrılığı olur?
-Mübahisəmiz olmur. O, hər şeyə güzəştə gedir.
-Siz də həyat yoldaşını mətbuatdan gizlədən məşhurlar sırasındasınız…
-Bəli, çünki həyat yoldaşım dövlət işində çalışır. Hətta övladlarımın belə fotolarını sosial şəbəkədə çox paylaşmıram. O zaman ailəmizdə problem yaşanar.
Həyat yoldaşım fotoları silməyimi xahiş edir. Deyir ki, sosial şəbəkə şəxsi həyat yox fəaliyyətinlə bağlıdır. Yaxın günlərdə radio aparıcısı Azərla vayn çəkmişdik, deyir ki, niyə çəkmisiniz?
Dedim, ər-arvad münasibətindən danışdıq. Deyir, onsuz da hər kəs səni Azərlə ər-arvad bilir, vayndan sonra da ümumiyyətlə ər-arvad biləcəklər. Deyirəm ki, hər ikimiz ailəli insanlarıq, onun arvadı heç nə demirsə, sən niyə deyəsən?
Həyat yoldaşım deyir ki, televiziya və şou aləmində səni heç kimə qısqanmıram. Çünki səni mənim kimi sevən və diqqət ayıran ikinci insan olmaz. Ətrafımda kişilər çoxdur. Bəlkə də məndən xoşu gələnlər var...
- Sizdən xoşu gələn aparıcı varmı?
-Həyat yoldaşımızın xasiyyəti çox ağırdır. Biz qadınlar başımızın üstə yumruq olmasını çox sevirik.
Həyat yoldaşımla evlənməsəydim, bəlkə də hələ ailə qurmamışdım. Onu mən evlənməyə məcbur etmişəm.
-Məşhular adətən, əvvəl evli olmuş kişilərlə evlənirlər...
- Mənim həyat yoldaşım subay idi. Mənim evli kişilərlə nə işim var?
-Heç kim ailəli olduğunuza inanmır, sizi subay hesab edirlər..
- Bəli, subay bilirlər. Hətta yaxın günlərdə Xatirə İslam verilişimdə qonaq idi. Dedi ki, inşallah, sənin üçün də elçi gedərik. Gecikmisən, iki övladım var - deyə cavab verdim.
-Qaynananızla münasibətiniz necədir?
-Münasibətimiz çox gözəldir. Bizi birlikdə görsəniz, təəccüblənərsiniz. Məndən cavan görsənir. Bizim ailəmizdə baş verənləri nə anam, nə də qaynanam bilir. Evimizdə iki ildir dayə var, deyir, siz mübahisənizi görməmişəm.
Deyirəm, sizin yanınızda yox, dəniz kənarında mübahisə edirik. Zəng edirəm və dəniz kənarına gedirik. Sevinirəm ki, bizim mübahisəmizi heç kim bilmir. Gənc ailələrə də tövsiyə edirəm ki, həyatınızda nəsə baş verən zaman valideynlərinə deməsinlər.
- Qaynananızla birlikdə yaşayırsınız?
-Xeyr. Sizcə, mən kiminləsə birlikdə yaşaya bilərəm? Evdə mənə heç kim dözə bilməz. Həddən artıq titiz və səliqə səhmana fikir verən insanam. Hər şeydən iyrənirəm. Adicə əşyaların yerini belə dəyişəndə narahat oluram. Mən belə insanam...
Rəqsanə
FOTO: Elçin MURAD