BAKI, 1 aprel. TELEQRAF
İran millisinin 2026-cı il dünya çempionatında iştirakı dəqiqləşib.
Teleqraf AFP-yə istinadən xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino Türkiyədə keçirilən İran - Kosta Rika yoldaşlıq oyunu (5:0) zamanı məlumat verib.
“İran dünya çempionatında olacaq. Buna görə buradayıq. Çox güclü komandadırlar, bundan çox məmnunam. Komandanı gördüm, oyunçular və baş məşqçi ilə danışdım, hər şey qaydasındadır” – deyə, o açıqlamasında bildirib.
İnfantino vurğulayıb ki, İranın oyunları püşkatmaya uyğun olaraq planlaşdırıldığı məkanlarda keçiriləcək. Halbuki, İran Futbol Federasiyası daha əvvəl ABŞ və İsrail ilə müharibə səbəbindən komandanın oyunlarının ABŞ-dan Meksikaya köçürülməsi üçün FIFA ilə danışıqlar apardığını açıqlamışdı.
Xatırladaq ki, İranın mundialda iştirakı fevralın 28-də ABŞ və İsraillə başlanan müharibədən sonra sual altına düşmüşdü. İnfantino əvvəlcə Donald Trampın İran millisinin turnirə buraxılacağına dair təminat verdiyini bildirmişdi. Lakin Tramp sonradan İran komandasının “öz təhlükəsizliyi naminə” turnirə getməməli olduğunu deyib.
Qeyd edək ki, İran Asiya Futbol Konfederasiyasının seçmə mərhələsində qrupunu lider tamamlayaraq DÇ-2026-ya vəsiqə qazanan ilk komandalardan biri olub. Komanda ardıcıl dördüncü dəfə dünya çempionatında çıxış edəcək. Ümumilikdə İran millisi son səkkiz mundialın altısında iştirak hüququ əldə edib.
ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026-cı il dünya çempionatı 11 iyunda start götürəcək. İran iyunun 15-də Los-Ancelesdə Yeni Zelandiya ilə, 21 iyunda yenə Los-Ancelesdə Belçika ilə, 26 iyunda isə Sietldə Misirlə qarşılaşacaq.