BAKI, 15 aprel. TELEQRAF

Azərbaycanda “İqtisadiyyat və inkişaf” mövzusuna həsr olunan 100 manatlıq pul nişanları yenilənib. Mərkəzi Bank yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanını 15 iyul 2026-cı il tarixindən tədavülə buraxacaq.

Tənzimləyicidən Teleqraf-a verilən məlumata görə, dəyişimə səbəb beynəlxalq təcrübənin nəzərə alınmasıdır. Belə ki, pul nişanları sahəsində ən son innovasiyalar, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanları mövcud konsepsiya çərçivəsində yenilənib. 2021-ci ildən yenilənmiş 1, 5, 10, 20 və 50 manatlıq kağız pul nişanları tədavülə buraxılıb.

Qeyd edək ki, yenilənmiş 100 manatın üzərində Mərkəzi Bank sədrinin imzası da dəyişdirilir. Sabiq MB rəhbəri Elman Rüstəmovun 20 illik imzası yığışdırılaraq yeni sədr Taleh Kazımovun imzası əks olunub.

Bundan əvvəl də yenilənən əskinaslarda da imza dəyişdirilib.

Tənzimləyicidən verilən məlumata görə, hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 100 manatlıq pul nişanına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılıb. Yenilənmiş 100 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

Nəzərə çatdıraq ki, Azərbaycanda hər bir konkret əskinasın və ya sikkənin çap dəyəri haqqında dəqiq ictimai məlumat Mərkəzi Bankın (AMB) məxfi maliyyə məlumatları hesab edilir. Bəzi əskinasların beynəlxalq De La Rue şirkəti tərəfindən çap olunduğuna dair məlumatlar var.

Azərbaycan manatının çap edilməsi xərcləri əskinasın nominalından və mühafizə dərəcəsindən asılı olaraq dəyişir, lakin konkret rəqəmlər kommersiya sirri sayılır. Ümumilikdə, yüksək nominal (məsələn, 100 və 200 manat) və yüksək mühafizəli pulların çapı daha baha başa gəlir.

Yeri gəlmişkən, Azərbaycan manatının dizaynı avro ilə bənzərdir. Məlumatlara görə, buna səbəb hər iki valyutanın dizaynerinin avstriyalı rəssam Robert Kalinanın olmasıdır.