BAKI, 19 mart. TELEQRAF

“AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi 19 mart 2026-cı il tarixindən məhdudlaşdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank məluma yayıb.

Məlumatda qeyd olunub ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 105.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Avtomobil nəqliyyatı vasitələrinin kasko sığortası”, “Avtomobil sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası”, “Əmlakın yanğından və digər risklərdən sığortası”, “Fərdi qəza sığortası”, “Könüllü tibbi sığorta”, “Səyahət sığortası”, “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası”, “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” və “Auditorların peşə məsuliyyətinin icbari sığortası” növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin sığorta fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi 19 mart 2026-cı il tarixindən məhdudlaşdırılıb.

Qeyd edək ki, qanunun 105.3-cü maddəsinə əsasən sığortaçının lisenziyasının qüvvəsinin məhdudlaşdırılması onun müvafiq sığorta növü üzrə yeni sığorta müqavilələri bağlamasını, habelə həmin növ üzrə qüvvədə olan sığorta müqavilələrinin müddətini uzatmasını qadağan edir.