TBİLİSİ, 2 iyun. TELEQRAF
Gürcüstanın kommersiya banklarında xarici ölkə vətəndaşlarının saxladıqları depozitlərin həcmi 9,3 milyard lari təşkil edir.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında bildirilib.
Bu ilin aprel ayına olan məlumata əsasən, əmanətlərin həcmində illik müqayisədə 18% artım qeydə alınıb.
Əcnəbilər arasında Rusiya vətəndaşları Gürcüstan banklarında ən böyük məbləğdə vəsaitə malikdirlər ki, bu da xarici rezidentlərin əmanətlərinin 37%-ni və yaxud 3,44 milyard lari təşkil edir. İkinci yerdə 1,02 milyard lari ilə İsrail, üçüncü yerdə isə 558 milyon lari ilə Ukrayna vətəndaşlarıdır.
Azərbaycan vətəndaşlarının qonşu ölkənin banklarında saxladıqları depozitlərin ümumi məbləği isə 372,2 milyon lariyə (231,7 milyon AZN) bərabərdir. Bunun da əcnəbilərin Gürcüstan banklarındakı depozitlərindəki payı 4%-dir.
Qeyd edək ki, ötən il Gürcüstanda qeyri-rezidentlərin banklarda saxladıqları 10,611 milyard lari həcmindəki ümumi depozitlərin 3%-i Azərbaycan vətəndaşlarının payına düşüb.