BAKI, 27 may. TELEQRAF

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 485,7 milyon manat vəsait sərf edildiyi bildirilib.

Teleqraf xəbər verir ki, bu rəqəm 2023-cü illə müqayisədə 28 milyon manat və ya 6,1 faiz çoxdur.

Hesabat ilində aqrar sahəyə dövlət dəstəyi tədbirləri davam etdirilib. Fermerlərə subsidiyaların verilməsi üçün yeni mexanizmlər tətbiq olunub. Kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin, məhsul, toxum, heyvan və barama subsidiyaları ödənilib.

Ölkə üzrə 362 572 fermerə 1 258,7 min hektar əkin sahələri və çoxillik əkmələr üçün 274 milyon manat subsidiyanın verilməsi təmin edilib. Pambıq istehsalı üçün 15 286 fermerə 57,8 milyon manat, şəkər çuğunduru üzrə 133 fermerə 0,9 milyon manat, tütün məhsulu üçün isə 297 fermerə 1,5 milyon manat subsidiya ödənilib.

Bundan əlavə, 2 580 fermerə 229,5 ton yaş barama üçün 1,4 milyon manat, 49 710 fermerə 103 min baş buzov üçün 10,3 milyon manat heyvan subsidiyası ayrılıb. Toxum və ting istehsalçılarına isə müxtəlif kənd təsərrüfatı bitkiləri üzrə 5,6 milyon manat subsidiyanın verilməsi təmin edilib.

Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.