BAKI, 27 may. TELEQRAF

2024-cü ildə Qax Damazlıq İpəkçilik Stansiyasına, barama qurutma məntəqələrinə maliyyə yardımının verilməsinə, barama toxumlarının dövlət büdcəsinin vəsaiti hesabına barama istehsalçılarına əvəzsiz paylanmasına və digər kənd təsərrüfatı tədbirləri məqsədilə 500 min manat vəsait ayrılıb.

Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Eyni zamanda barama toxumlarının dövlət büdcəsinin vəsaiti hesabına barama istehsalçılarına əvəzsiz paylanması məqsədilə 200 min manat, Qarabağ və Dilbaz cins atlarının çoxaldılması, cinslərinin yaxşılaşdırılması məqsədilə 500 min manat, kənd təsərrüfatı və ərzaq məhsullarının satışı yarmarkalarının təşkili tədbirlərinə 100 min manat xərclənib.

Kənd Təsərrüfatı Nazirliyi sistemində informasiya texnologiyalarının və Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqinin genişləndirilməsi tədbirinə 900 min manat, dövlət proqramlarının icrasının təmin edilməsi tədbirlərinə 300 min manat, ortofotoların hazırlanması və süni intellektin tətbiqinə isə 10 milyon manat olmaqla ümumilikdə 12,5 milyon manat vəsait ayrılıb.

Kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın və ipəkçiliyin, çəltikçiliyin, çayçılığın, sitrus meyvəçiliyinin və şərabçılığın inkişafı, kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması istiqamətində dövlət dəstəyinin gücləndirilməsi ilə əlaqədar qəbul edilmiş dövlət proqramları üçün 2,3 milyon manat vəsait yönəldilib.

Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.