BAKI, 15 aprel. TELEQRAF

Ən böyük 3 bankın sistem üzrə bazar payının dinamikası da 2024-cü ildə həm kredit, həm də depozit portfeli üzrə təmərküzləşmənin artdığını göstərir. Belə ki, 2023-ci illə müqayisədə ən böyük 3 bankın kredit portfeli üzrə bazar payı 1.7 faiz bəndi artaraq 54.1%, depozit portfeli üzrə bazar payı isə 1.8 faiz bəndi artaraq 67.4% təşkil edib. Aktivlər üzrə isə ən böyük 3 bankın bazar payında nəzərəçarpan dəyişiklik olmayıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın (AMB) 2024-cü il üzrə "Maliyyə sabitliyi hesabatı"nda qeyd olunub.

Bildirilib ki, beynəlxalq təcrübədə də geniş istifadə olunan HHI1 indeksinə əsasən cari ilin sonuna bank sistemində kredit portfeli üzrə təmərküzləşmə ötən ilin sonu ilə müqayisədə 61 vahid artaraq 1207 təşkil edib.

Depozit portfeli üzrə təmərküzləşmə indeksi isə ötən ilin sonu ilə müqayisədə 64 vahid artaraq 1653 təşkil edib. Aktivlər üzrə HHI indeksi göstəricisi 30 vahid azalaraq 1474 təşkil edib. Beləliklə, bank sistemində kredit portfelinə əsasən aşağı səviyyədə təmərküzləşmə, depozit portfelinə əsasən isə orta səviyyədə təmərküzləşmə mövcuddur. Aktivlərin ümumi məbləğinə əsasən isə bank sektoru aşağı və orta təmərküzləşmə sərhədindədir.