BAKI, 2 oktyabr. TELEQRAF

Mərkəzi Bankda baş direktor vəzifəsinə yeni təyinat olub.

Teleqraf xəbər verir ki, Azər Ələsgərov oktyabrın 1-dən etibarən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, o bundan əvvəl AMB-nin Pul siyasəti departamentinin direktoru vəzifəsində işləyib. O bu vəzifəni 2009-cu ilin iyunundan icra edib.

A. Ələsgərov əmək fəaliyyətinə 1997-ci ildə Mərkəzi Bankın Pul-kredit siyasəti departamentinin Pul-kredit siyasəti şöbəsində aparıcı ekspert vəzifəsi ilə başlayıb. 1997-2000-ci illərdə Pul-kredit siyasəti departamentinin Pul-kredit siyasəti şöbəsində aparıcı iqtisadçı, 2000-2005-ci illər ərzində isə Monetar siyasət departamentinin İqtisadi tədqiqatlar şöbəsində baş iqtisadçı və daha sonra şöbə rəisi vəzifələrində çalışıb. 2005-2009-cu illərdə Pul siyasəti departamentində Pul və məzənnə siyasəti şöbəsinin rəisi, həmin departamentin direktor müavini - Pul və məzənnə siyasəti şöbəsinin rəisi vəzifələrində fəaliyyətini davam etdirib.

2012-ci ildə Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.