SUMQAYIT, 2 oktyabr. TELEQRAF
Sumqayıtda məktəbdə şirniyyatdan zəhərlənənlərin sayı 21-ə çatıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, bu gün saat 10:20 radələrindən başlayaraq 21 nəfər (17 kişi cinsli, 4 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
"Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir", məlumatda qeyd olunub.
***
12:01
İlkin araşdırmalara görə Sumqayıtda şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
"Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbində qeydə alınan zəhərlənmə hadisəsini dərhal nəzarətə götürərək araşdırmalara başlayıb. Aparılan ilkin araşdırmaların nəticələrinə görə, hadisəyə məktəbdə şagirdlərdən birinin təhsil müəssisəsinə gətirdiyi, istifadə müddəti bitmiş (vaxtı keçmiş) şirniyyat məhsulu səbəb olub.
Araşdırmalar davam edir. Görülən tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir", - məlumatda qeyd olunub.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbdə dərs prosesi zamanı bir qrup şagird özünü pis hiss edib, məsələ məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər.
***
11:30
Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
Qeyd edilib ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
***
11:22
Sumqayıtda 36 nömrəli tam orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində 14 şagird zəhərlənib.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Zəhərlənmənin səbəbləri araşdırılır.
TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 10:20 radələrində 14 nəfər (11 kişi cinsli, 3 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
"Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir", - məlumatda qeyd olunub.