BAKI, 22 iyul. TELEQRAF
Azərbaycan bu ildən ipək ixracını dayandırıb.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, cari ilin yanvar-iyun aylarında ölkədən ipək ixracı həyata keçirilməyib.
Xatırladaq ki, Azərbaycanın ipək istehsalında 90%-dən çox paya sahib olan "Azəripək" ASC-nin ixracı 2024-cü ilin sonundan etibarən bir neçə dəfə fəaliyyətini dayandırıb. Mövcud məlumatlara görə, müəssisə 2025-ci ilin yanvar-may aylarında 117,6 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə azdır.
Qeyd edək ki, "Azəripək" ASC-nin İdarə Heyətinin sədri Anar Dadaşev ötən il ixracın azalmasını ölkədə barama yığımının azalması ilə izah etmişdi. O, 2026-cı ildə barama yığımının 240 tona çatdırılmasının planlaşdırıldığını, bunun üçün proqram hazırlandığını və proqram çərçivəsində kümçülərlə birbaşa işlənəcəyini bildirmişdi.
Lakin görünür, planlar özünü doğrultmayıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk yarısında ölkədə barama istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 16,8% azalaraq 155 tona düşüb.
Qeyd edək ki, cari ildə Azərbaycana 35,75 min ABŞ dolları dəyərində ipək idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,2% azalıb.