BAKI, 22 iyul. TELEQRAF

2026-cı ilin yanvar-iyun aylarında dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi istiqamətində görülən tədbirlər nəticəsində dövlət büdcəsinə ümumilikdə 131 milyon manat vəsait ödənilib.

Bu barədə Teleqraf-a Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, hesabat dövründə dövlət əmlakının özəlləşdirilməsi üzrə 32 hərrac keçirilib. Hərraclar vasitəsilə 3 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili və 520 nəqliyyat vasitəsi özəlləşdirilib. Özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 102,8 milyon manat təşkil edib.

Dövlət Xidməti tərəfindən birinci yarımildə 282-si qeyri-yaşayış, 2.084-ü torpaq sahələri üzrə olmaqla 2.366 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 28,2 milyon manat vəsaitin ödənilməsi təmin olunub.