BAKI, 22 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Səudiyyə Ərəbistanının dinc nüvə proqramına dəstəyini nəzərdə tutan sazişi təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.
Məlumata görə, 30 il müddətinə nəzərdə tutulan saziş çərçivəsində on milyardlarla dollar həcmində vəsait ayrılması planlaşdırılır. Sənədə əsasən, nüvə infrastrukturunun inkişafında əsas rol ABŞ şirkətlərinə veriləcək.
Sazişin əsas müddəalarından biri tərəflərin bunu məqsədəuyğun hesab edəcəyi təqdirdə Səudiyyə Ərəbistanında uranın zənginləşdirilməsi obyektinin tikintisini nəzərdə tutur.
Bildirilir ki, sənədin yaxın günlərdə ABŞ Konqresinin müzakirəsinə təqdim olunacağı gözlənilir.
Bundan əvvəl CNN telekanalı ABŞ administrasiyasının sazişi ilkin olaraq təsdiqlədiyini bildirmişdi. Telekanalın məlumatına görə, razılaşmada müəyyən məhdudiyyətlər nəzərdə tutulsa da, onların məzmunu hələ açıqlanmayıb. Həmçinin layihə Səudiyyə Ərəbistanını Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə təminatlar haqqında sazişə əlavə protokol imzalamağa məcbur etmir.