BAKI, 22 iyul. TELEQRAF
İndiyədək İsraildə onunla bağlı çoxlu yaradıcılıq gecələri keçirmişik. Hətta burada ona həsr olunan iki film də çəkilib. Daim əlaqədə idik, telefonla danışardıq, görüşərdik. Yaşadığı şəhər uzaq olduğu üçün son vaxtlar özü də çox görüşmək istəmirdi. Həmişə yaraşıqlı, görkəmli kişi olub, xəstələnəndən sonra o qədər də görünməyə meyl etmirdi.
Bu sözləri Teleqraf-a Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman bu gün İsraildə vəfat edən Xalq artisti, tanınmış kino aktyoru Tofiq Mirzəyev barədə danışarkən deyib.
Onunla tanışlığından danışan Y.Salman Mədəniyyət Mərkəzinin direktoru olaraq Tel-Əvivdə sənətkar üçün yaradıcılıq gecələri keçirdiyini deyib.
"Bu tədbirlər onu daha da ruhlandırırdı. Yeni layihələri, musiqi planları var idi, gələcəkdən danışırdı".
- Dəfn mərasimində Azərbaycanın İsraildəki səfirliyindən və ya dövlət qurumlarından iştirakla bağlı sizdə məlumat varmı?
- Bu barədə dövlət qurumlarından kiminsə gəlib-gəlməyəcəyi barədə dəqiq məlumatım yoxdur.
- Oğlunun da səhhətində problemlər var, elədir? Dəfndə iştirak edəcəkmi, atasının vəfatından xəbəri varmı?
- Bəli, oğlunun da səhhətində problemlər var. Atasının vəfatından xəbəri var, amma dəfndə iştirak edib-etməyəcəyini bilmirəm.
- Oğlunun neçə yaşı var?
- 60-dan çox yaşı var. Səhhətində ciddi problemlər olduğu üçün dəfn işlərilə məşğul ola bilmir.
- Dəfnlə bağlı istəyi nə idi?
- Azərbaycanda dəfn olunmaq istəyirdi.
- Bəs niyə alınmadı?
- Onun Azərbaycanda yaxın qohumları yoxdur. İnsan rəhmətə gedəndən sonra yaxın qohumlarının istəyinə baxırlar. Yalnız bir oğlu var, o da buradadır. Oğlu da atasının belə istəyindən xəbərsiz idi. Azərbaycanda yaxın qan qohumları olsaydı, onlar bu işi öhdələrinə götürərdilər.
- Belə iddialar səslənirdi ki, vaxtilə ağciyərindəki problemlə əlaqədar həkimlər ona klarnet çalmağı qadağan etmişdilər və bundan sonra kinoya yönəlmişdi. Heç bu barədə danışırdı?
- Mən bilən onun barmağı sınmışdı. Klarnet də barmaq tələb edirdi. Ağciyərində problem olması yanlış məlumat idi.
- Bəs əsas xəstəliyi nə ilə bağlı idi?
- Qan təzyiqi ilə bağlı problemləri var idi. Axırıncı dəfə insult keçirmişdi. Ona görə xəstəxanaya düşmüşdü.
- Tofiq müəllim uzun illər İsraildə yaşadı. Orada nə işlə məşğul idi?
- Onun bütün işləri həmişə Bakı ilə əlaqəli idi. Bakıda festivallar keçirirdi. Rüstəm İbrahimbəyov ilə birgə layihələr, festivallar təşkil edirdi. Həmişə bir ayağı Bakıda idi, ora getməyə can atırdı, arzulayırdı.
- Bakıya birdəfəlik qayıtmaq istəyirdi?
- Bəli, birdəfəlik qayıtmaq istəyirdi. Hərdən gəlib-gedirdi, amma qismət belə oldu.
- Yaradıcılıq gecələri keçirərkən sıx ünsiyyətdə olmusunuz. Nələr deyirdi? Arzuları nə idi?
- Ömrünün son vaxtlarına qədər yenidən film çəkməyi arzulayırdı. Yaradıcılıqla bağlı arzuları çox idi.