BAKI, 10 iyul. TELEQRAF
“Nort Vest Konstrakşn” Məhdud Məsuliyyətli Cəmiyyəti “Qaradağ Şüşə Zavodu” ASC-nin dövlətə məxsus səhmlərinin satışı ilə bağlı elan edilmiş investisiya müsabiqəsinin qalibi elan edilib.
Teleqraf Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, müsabiqəyə bu ilin 19 may tarixində yekun vurulub.
Müsabiqə qalibi İnvestisiya Proqramı çərçivəsində şüşəəritmə sobasının və şüşə istehsalı avadanlıqlarının, eləcə də sexlərin əsaslı təmiri və yenidən qurulması, yeni istehsal xətlərinin, şüşəformalaşdırma avadanlıqlarının alınaraq quraşdırılması, həmçinin elektrik enerjisi, qaz təchizatı, su və kanalizasiya sistemləri üzrə infrastruktur təminatının yaxşılaşdırılması kimi öhdəlikləri həyata keçirməlidir.
“Nort Vest Konstrakşn” MMC tərəfindən investisiya qoyuluşu nəticəsində müəssisədə 200 yeni iş yerinin yaradılması planlaşdırılır.