BAKI, 24 avqust. TELEQRAF
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanması iki qardaş ölkənin strateji yaxınlıq səviyyəsini göstərir.
Teleqraf xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
"Təbii ki, iki dövlət başçıları arasındakı mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində xüsusi rol oynamaqdadır. Bununla yanaşı, qardaş ölkə vətəndaşlarının qarşılıqlı səfərləri dövlətlər arasındakı möhkəm telləri daha da gücləndirir", - deyə deputat qeyd edib.
Onun sözlərinə görə, 2026-cı ilin 8 ayı ərzində 44 min Özbəkistan vətəndaşı Azərbaycana səfər edib.
"Bu o deməkdir ki, əvvəlki ilin uyğun dövrü ilə müqayisədə Özbəkistandan gələn tursitlərin sayı 34 faiz artıb. 2025-ci ildə Azərbaycana gələn Özbəkistan vətəndaşlarının sayı 46 min nəfər olub. Praktik olaraq, bu ilin ilk 8 ayında Özbəkistandan Azərbaycana gələnlərin sayı əvvəlki il üzrə ümumi göstərici ilə, demək olar, eynidir. Bu isə illik yekundan daha ciddi artım faizinin olacağından xəbər verir".
Onun sözlərinə görə, göründüyü kimi, strateji qardaşlıq münasibətləri ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinə təsir göstərib: "Xüsusən də, sağlamlıq turizmi məqsədi ilə Azərbaycana gələn Özbəkistan turistlərin sayında artım müşahidə edilir. Turizm sadəcə səfərlər deyil, həmçinin qardaşlıq körpülərinin daha gücləndirilməsi deməkdir".