BAKI, 30 iyun. TELEQRAF
Avropa ölkələri yeraltı qaz anbarlarına qış mövsümü üçün tələb olunan ehtiyatın üçdə birini vurmağa nail olub.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe) məlumatlarında qeyd olunub.
Məlumata görə, apreldən başlayan yay mövsümündən bəri Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarına 22,5 milyard kubmetr qaz vurublar. Bu isə qarşıdakı qış mövsümü üçün tələb olunan həcmin cəmi 33 faizinə bərabərdir.
Hazırda Avropanın yeraltı qaz anbarlarının doluluq səviyyəsi 48,62% təşkil edir. Bu göstərici ötən ilin eyni dövründə 58,2% səviyyəsində olub. Hazırda anbarlarda 53,2 milyard kubmetr qaz mövcuddur.
İyunun əvvəlindən bəri Avropanın yeraltı qaz anbarlarına ümumilikdə 9,5 milyard kubmetr qaz vurulub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18% azdır.
Qeyd edək ki, Avropa Komissiyasının qaydalarına əsasən, Aİ ölkələri hər il oktyabrın 1-dən dekabrın 1-dək yeraltı qaz anbarlarının doluluq səviyyəsini 90 faizə çatdırmalıdır. Bu tələbi yerinə yetirmək üçün 2026–2027-ci illərin payız-qış mövsümünün başlanğıcına qədər Avropanın anbarlarına ən azı 68 milyard kubmetr xalis qaz vurulmalıdır.