BAKI, 29 iyun. TELEQRAF
Açıq bankçılığın tam tətbiqi və biometrik identifikasiya imkanlarının genişlənməsi regionlarda maliyyə xidmətlərinin əhatə dairəsinin artırılmasına şərait yaradacaq.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Fintex Assosiasiyasının (AzFina) İdarə Heyətinin sədri Edqar Abdullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda assosiasiyaya üzv elektron pul təşkilatları regionlarda bank xidmətlərinə əlçatanlığı zəif olan əhalini əsas hədəf qruplarından biri kimi müəyyənləşdiriblər.
E. Abdullayev qeyd edib ki, açıq bankçılıq və Ani Ödənişlər Sisteminin tətbiqi maliyyə sektorunda əməkdaşlığı daha rəqəmsal, sürətli və səmərəli edib:
”Bunun nəticəsində istifadəçilərə innovativ ödəniş həlləri təqdim olunacaq. Bu həllər təkcə bank sektorunu deyil, həm də sığorta şirkətlərini və bank olmayan kredit təşkilatlarını əhatə edəcək.
Assosiasiyanın əsas məqsədi Mərkəzi Bank ilə lisenziyalı ödəniş və elektron pul təşkilatları arasında koordinasiyanı təmin etməkdir”.
“Assosiasiyanın birbaşa nəzarət və ya məhdudlaşdırma səlahiyyəti yoxdur. Lakin nizamnaməyə edilən dəyişikliklərə əsasən, qanun pozuntusuna yol verən üzvlərin assosiasiyadan xaric edilməsi mexanizmi yaradılıb”, – deyə o əlavə edib.