BAKI, 29 iyun. TELEQRAF
2024-cü ildən etibarən Azərbaycan Mərkəzi Bankı maliyyə sektorunun inkişaf strategiyası çərçivəsində xüsusi tənzimləmə rejimi – “sandbox” mexanizmini tətbiq etməyə başlayıb. Son iki il ərzində bu çərçivədə yeni maliyyə məhsul və xidmətlərinin yaradılması ilə bağlı 35-dən çox müraciət daxil olub.
Teleqraf xəbər verir ki, bunu Mərkəzi Bankın Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi “Azərbaycanın Rəqəmsal Maliyyə Gündəliyi” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əvvəllər innovativ maliyyə məhsulu və ya xidməti yaradılsa da, onu geniş istifadəçi kütləsinə təqdim etmək müxtəlif hüquqi və normativ məhdudiyyətlər səbəbindən çətin olurdu:
“Xüsusi tənzimləmə rejimi həmin məhsul və ya xidmətin Mərkəzi Banka təqdim edilməsinə imkan yaradır. Mərkəzi Bank isə onun üçün müvəqqəti icazə və test mühiti formalaşdırır. Əgər xidmət uğurlu nəticə göstərərsə, sonradan geniş istifadəyə təqdim olunur. Bunun nəticəsində qanunvericilikdə dəyişiklik edilə və ya tamamilə yeni qayda və tənzimləmələr hazırlana bilər”.
F.Tofidi qeyd edib ki, daxil olan 35-dən çox müraciətin hamısı qəbul edilməsə də, bu göstərici kifayət qədər müsbət qiymətləndirilir:
“Gələcəkdə müraciətlərin yalnız müəyyən dövrlərdə deyil, davamlı əsasda qəbul edilməsi planlaşdırılır. İstəyirik ki, artıq müraciətlər müəyyən dövrlərlə məhdudlaşmasın. Daim açıq model tətbiq edilsin və istənilən maraqlı konsept və ya ideya Mərkəzi Banka təqdim olunsun. Biz də həmin təşəbbüsləri qiymətləndirək”.