BAKI, 12 mart. TELEQRAF
Beynəlxalq Enerji Agentliyinin (BEA) dərc etdiyi aylıq hesabatda Yaxın Şərqdəki müharibənin qlobal neft bazarı tarixində "ən böyük təchizat fasiləsi" yaratdığı vurğulanıb.
Teleqraf xəbər verir ki, agentlik Hörmüz boğazının bağlanması səbəbindən qlobal neft tədarükünün bu ay gündəlik 8 milyon barel azalacağını proqnozlaşdırır.
BEA-nın məlumatlarına görə, Körfəzdəki istehsalçılar logistika çətinlikləri səbəbindən hasilatı gündəlik azaltmaq məcburiyyətində qalıblar.
İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanı tədarükü əhəmiyyətli dərəcədə azaldıblar. Bu arada, boğazın bağlanması ixrac yönümlü neft emalı zavodlarını da istehsalı azaltmağa məcbur edib. Gündəlik 3 milyon barel neft emalı gücü dayandırılıb və 4 milyon bareldən çox neft risk altındadır.
Neft bazarındakı pozuntular ilk növbədə Asiya ölkələrinə, eləcə də Avropaya (reaktiv yanacaq baxımından) və Afrikaya (qaz yağı baxımından) təsir göstərir.
Qurumun rəhbəri Fatih Birol bildirib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatına üzv ölkələr bazardakı xaosu azaltmaq məqsədilə fövqəladə ehtiyatlarından 400 milyon barel istifadə qərarına gəliblər.
Yaxın Şərqdəki itkilər OPEC-ə üzv olmayan istehsalçılar tərəfindən qismən kompensasiya olunur. Beynəlxalq Enerji Agentliyinin hesabatında bildirilir ki, ABŞ, Kanada, Qayana və Braziliyada, eləcə də OPEC+ üzvləri olan Qazaxıstan və Rusiyada hasilat artımları ilə təchizat şokunun təsirini bir qədər azaldıblar.