BAKI, 11 mart. TELEQRAF
Regionda yaranan gərginlikdən sonra Hörmüz boğazı vasitəsilə gəmilərin gündəlik tranziti 97% azalıb.
Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hesabatında bildirilir.
Təşkilatın məlumatına görə, fevralın 1-dən 27-dək olan dövrdə boğazdan orta gündəlik tranzit təxminən 129 gəmi təşkil edib. Martın 3-nə qədər bu göstərici birrəqəmli səviyyəyə enərək hazırda üç və ya altı gəmi arasında dəyişir. Beləliklə, tranzit 97% azalıb.
Qeyd edək ki, martın 2-də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Ebrahim Cabbar İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatları səbəbindən Hörmüz boğazından gəmilərin keçidinin bağalanacağı açıqlayıb. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, boğaz bağlanmayıb, lakin gəmilər, o cümlədən tankerlər hər iki tərəfdən zərbələrdən ehtiyat edərək buradan keçməyə cəhd etmirlər. Yeri gəlmişkən, dünya neft ixracının təxminən beşdə biri məhz bu boğazdan keçir.