BAKI, 27 yanvar. TELEQRAF
Nigeriya Milli Neft Şirkəti (NNPC) Atlantik okeanının sahilində, Niger çayının mənsəbinin yaxınlığında böyük bir neft yatağının kəşf edildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə məlumat şirkətin saytında dərc edilib.
"NNPC, layihə operatoru "Chevron Nigeria" ilə birlikdə, qərbi Niger Deltasının dayaz sularında yerləşən "Awodi-07 kəşfiyyat quyusunda kəşfiyyat işlərini uğurla başa çatdırıb. Qazma nəticələri çox ümidvericidir və bir neçə rezervuar zonasında karbohidrogenlərin əhəmiyyətli dərəcədə mövcudluğunu təsdiqləyir", - deyə açıqlamada bildirilir.
İşlər suyun dərinliyinin 12 metrə çatdığı Qvineya körfəzində aparılıb. Quyu 3700 metr dərinliyə qazılıb. Ümumi qalınlığı təxminən 205 metr olan bir neçə neftli lay aşkar edilib.
Yaxın gələcəkdə şirkət mütəxəssisləri bu yataqdakı neft ehtiyatları ilə bağlı təxmini məlumatlar təqdim etməlidirlər.