BAKI, 3 sentyabr. TELEQRAF
Azərbaycanın işğaldan azad edilmiş 12 rayonda daşınmaz əmlak və infrastruktur obyektlərinin inventarlaşdırılması artıq başa çatdırılıb.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında deyib.
O qeyd edib ki, Azərbaycan üçün minatəmizləmə özlüyündə son məqsəd deyil:
“Əsas məqsəd təhlükəsiz şəkildə təmizlənmiş torpaqları məhsuldar iqtisadi istifadəyə qaytarmaq, insanların yaşaması, biznesin fəaliyyət göstərməsi və investisiyaların dayanıqlı iqtisadi dəyər yaratması üçün şərait formalaşdırmaqdır.
Bu baxımdan Azərbaycanın daha geniş iqtisadi siyasəti iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft-qaz sektorunun dinamik və dayanıqlı inkişafının təşviqinə yönəlib. Ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar biznes və investorlar üçün getdikcə daha əlverişli şərait yaradıb.
Azərbaycan iqtisadiyyatının gücü və dayanıqlılığı güclü fiskal və xarici maliyyə buferləri ilə dəstəklənən ölkənin suveren kredit reytinqində öz əksini tapır. Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının müsbət nəticələri beynəlxalq reytinq agentlikləri tərəfindən də tanınıb və ölkənin suveren kredit reytinqinin yüksəlməsinə səbəb olub”.