BAKI, 26 yanvar. TELEQRAF

"Orta Dəhliz Azərbaycanın Avropa, Mərkəzi Asiya və Asiya–Sakit okean bazarlarını birləşdirən logistika və tranzit mərkəzi kimi rolunu daha da genişləndirir".

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən Azərbaycan–İsrail biznes forumunda bildirib.

O qeyd edib ki, Azərbaycan həm coğrafi, həm də siyasi baxımdan unikal mövqeyə malikdir:

“Ölkəmiz bir tərəfdən Mərkəzi Asiya regionu ilə Cənubi Qafqaz arasında təbii körpü rolunu oynayır, digər tərəfdən isə C6 Mərkəzi Asiya formatının üzvüdür. Eyni zamanda, Azərbaycan regional sabitlik üçün mühüm əhəmiyyət daşıyan Ermənistanla münasibətlərin normallaşdırılması prosesindən keçir.

Beynəlxalq nəqliyyat dəhlizlərinin əsas qovşaqlarından biri kimi Azərbaycan etibarlı əlaqə imkanlarının gücləndirilməsində mühüm rol oynayıb. Xüsusilə Orta Dəhliz vasitəsilə bu istiqamətdə atılan addımlar ölkənin qlobal təchizat zəncirlərində rolunu daha da möhkəmləndirib. Bu gündəliyin əsas elementlərindən biri Zəngəzur Dəhlizidir. TRIPP kimi tanınan bu multimodal bağlantı layihəsi Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsini nəzərdə tutur”.

Nazir əlavə edib ki, Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb:

“Bu fondlar yalnız həmin ölkələrin rezidentləri və layihələri üçün deyil, eyni zamanda Azərbaycanda fəaliyyət göstərdikləri təqdirdə İsraildən olan biznes subyektləri də daxil olmaqla üçüncü tərəflər üçün də açıqdır”.