BAKI, 26 yanvar. TELEQRAF

"Azərbaycan-İsrail qarşılıqlı investisiyalarının həcmi təxminən 600 milyon ABŞ dolları təşkil edir".

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən Azərbaycan–İsrail biznes forumunda bildirib.

Nazir qeyd edib ki, əməkdaşlığımız investisiyaların təşviqi və qarşılıqlı qorunması, eləcə də ikiqat vergitutmanın qarşısının alınması haqqında sazişlərlə dəstəklənir:

“Bu sənədlər biznes əlaqələrinin genişləndirilməsi üçün möhkəm hüquqi baza yaradır. Hazırda Azərbaycanda İsrail investisiyalı 130 kommersiya qurumu fəaliyyət göstərir”.

M.Cabbarov əlavə edib ki, ölkələrimiz geniş spektrli sahələrdə real nəticələr verən möhkəm və praqmatik tərəfdaşlıq münasibətləri qurub:

“Bunun bariz nümunələrindən biri Azərbaycan İnvestisiya Şirkəti (Azərbaycan Biznesin İnkişafı Fondu) ilə İsrailin “OurCrowd” şirkəti arasında imzalanıb və uğurla icra olunan strateji əməkdaşlıq sazişidir. Bu saziş enerji, səhiyyə, kibertəhlükəsizlik, aqrar-ərzaq və təhsil texnologiyaları sahələrinə xüsusi diqqət yetirməklə texnologiya və biznes əlaqələrimizin genişləndirilməsini hədəfləyir”.