BAKI, 12 yanvar. TELEQRAF
Bakı şəhərində və Abşeron yarımadasında köhnəlmiş magistral və paylayıcı su kəmərlərinin yenidən qurulacaq.
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair təsdiqlədiyi 2026-2035-ci illər üzrə Dövlət Proqramında deyilir.
Sənədə əsasən, mövcud nasaz xətlərin dəyişdirilməsi və müasir texnologiyalar tətbiq ediləcək. Yeni su anbarlarının və nasos stansiyalarının qurulması, mövcud sistemlərin müasirləşdirilməsi, subartezian quyularının bərpası və yeni nasosların quraşdırılması planlaşdırılır.
Samur−Abşeron kanalının xidmət sahələrində suvarma suyu təminatının yaxşılaşdırılması və Ceyranbatan su anbarının dayanıqlı su ilə təmin olunması nəzərdə tutulur.
Nəticədə 230 km magistral və 200 km paylayıcı su şəbəkəsinin yenilənməsi, su itkilərinin 20 faizdən aşağı salınması, su təchizatında fasiləsizlik səviyyəsinin 95 faizə çatdırılması təmin ediləcək.
Samur−Abşeron kanalı və Ceyranbatan su anbarı vasitəsilə suvarma suyu və texniki su təminatının dayanıqlığı artırılacaq.
Qeyd edək ki, Bakı şəhərində və Abşeron yarımadasında mövcud su təchizatı infrastrukturu, əsasən, köhnə və istismara yararsız vəziyyətdədir. Magistral su kəmərləri, paylayıcı şəbəkələr və su anbarları bir sıra hallarda texniki cəhətdən qüsurludur. Bu, su itkilərinin artmasına, təchizatın fasiləli olmasına və suyun keyfiyyətinin aşağı düşməsinə səbəb olur