BAKI, 12 yanvar. TELEQRAF
Bakı şəhərində 28, Sumqayıt şəhərində isə 22 yağış kollektoru fəaliyyət göstərir.
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair təsdiqlədiyi 2026-2035-ci illər üzrə Dövlət Proqramında deyilir.
Sənədə əsasən, yağış sularının idarə olunmasını nəzərdə tutan kollektorların əksəriyyəti artıq istismar müddətini başa vurub və qəzalı vəziyyətdədir.
Eyni zamanda, yağış kollektorlarının müxtəlif təyinatlı tikililərlə zəbt olunması kollektorların səmərəli fəaliyyətinə mənfi təsir göstərir. Yağış suları kollektorlarının kanalizasiya kollektorlarına birləşdirilməsi intensiv yağıntılar zamanı artıq daşımalara səbəb olur və sistemin effektivliyini azaldır.
Yağış və tullantı suları sistemlərinin yenilənməsi və inkişaf etdirilməsi məqsədilə 12 yeni kollektorun tikintisi, 3 mövcud kollektorun bərpası nəzərdə tutulur. Eləcə də tullantı sutəmizləyici 9 yeni qurğunun, o cümlədən 30 küçədə yeni yağış və tullantı su şəbəkəsinin tikintisi nəzərdə tutulur.