BAKI, 12 yanvar. TELEQRAF
2026-cı ildə Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlərinin 5 milyard 30 milyon ABŞ dolları və ya 8 milyard 551 milyon manat olması proqnozlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2026-cı il büdcəsinin layihəsinə rəyində qeyd edilib.
Məlumata görə, bu 2024-cü ilin faktiki icra göstəricisindən 2 milyard 910,4 milyon manat və ya 25,4%, 2025-ci il proqnoz göstəricisindən 1 milyard 246,3 milyon manat və ya 12,7% azdır.
Qeyd edək ki, bu məbləğə karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisnadır.