BAKI, 12 yanvar. TELEQRAF

Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri xam neftin hasilat həcmi və ixrac qiymətinin azalması, həmçinin gəlir mənbələrinin daralması fonunda son beş il (2022–2026) ərzində ən aşağı səviyyədə proqnozlaşdırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2026-cı il büdcəsinin layihəsinə rəyində qeyd edilib.

Bildirilib ki, 2026-cı il üzrə Fondun büdcə gəlirləri 13 032,3 mln. manat həcmində proqnozlaşdırılıb ki, bu da 2024-cü ilin müvafiq icra göstəricisindən 5 006,6 mln. manat və ya 27,8%, 2025-ci ilin təsdiq olunmuş büdcə gəlirindən 1 420,1 mln. manat və ya 9,8%, gözlənilən icra göstəricisindən isə 1 038,9 mln. manat və ya 7,4% azdır.

2026-cı il üçün Fondun büdcəsinin baza göstəricisi olan 1 barel neftin orta illik ixrac qiyməti növbəti il üçün 65 ABŞ dolları, qazın Avropa Hub qiyməti 1000 kub metr üçün 440 ABŞ dolları (BP tərəfindən təqdim edilən məlumata əsasən), Azərbaycan manatının ABŞ dollarına qarşı orta illik məzənnəsi dövlət büdcəsi ilə eyni səviyyəsində götürülüb.