BAKI. 3 dekabr. TELEQRAF

Macarıstan Rusiyadan Avropa İttifaqına neft və qaz tədarükünə qoyulan qadağa ilə razılaşmayacaq.

Teleqraf "TASS"-a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyyarto Brüsseldə NATO ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirakı zamanı deyib.

O bildirib ki, son həftələrdə Avropa Komissiyası, Avropa Şurası və Avropa Parlamenti arasında Rusiyadan enerji daşıyıcılarının alınmasına qadağa ilə bağlı məsləhətləşmələr aparılıb.

“Onlar arasında bağlanmış siyasi razılaşmaya əsasən, 2027-ci ilin sentyabrından etibarən Rusiya qazının Avropaya boru kəmərləri ilə nəqli qadağan ediləcək. Həmçinin Avropa Komissiyası Rusiya neftinin tədarükünü də qadağan etməyi öhdəsinə götürüb. Bildirmək istərdim ki, Macarıstanın Brüsselin belə diktəsini qəbul etməsi və həyata keçirməsi mümkün deyil”, — deyə Siyyarto vurğulayıb.

O əlavə edib ki, əgər Avropa İttifaqı (Aİ) rəhbərliyi Rusiyadan neft və qaz tədarükünə qadağanın tətbiqinə nail olarsa, Macarıstan Aİ Məhkəməsinə müraciət edəcək.

***

12:02

Avropa İttifaqı ölkələri 2027-ci ilə qədər Rusiya qazının tədricən dayandırılması barədə razılığa gəliblər.

Teleqraf Bloomberg-ə istinadən xəbər verir ki, saziş 2026-cı ilin sonuna qədər Moskvadan mayeləşdirilmiş təbii qazın idxalına qadağa qoyulmasını və 2027-ci il sentyabrın 30-dək uzunmüddətli müqavilələr çərçivəsində boru kəməri qazının alınmasının dayandırılmasını, Aİ-nin qaz saxlama hədəflərinin yerinə yetirilməsindən asılı olaraq 2027-ci il noyabrın 1-dək uzadılmasının mümkünlüyünü nəzərdə tutur.

"RePowerEU" planı çərçivəsində Rusiya qazının tədricən dayandırılması, mövcud müqavilələr istisna olmaqla, 2026-cı ilin əvvəlindən yeni alışlara qadağa qoyulması ilə başlayacaq. Qısamüddətli müqavilələr çərçivəsində bölgəyə boru kəməri ilə qaz tədarükü 17 iyun 2026-cı il tarixindən etibarən qadağan ediləcək.

LNG ilə bağlı 2025-ci ilin iyunun 17-də bağlanmış qısamüddətli müqavilələr, Aİ-nin dəniz yolu ilə təchizata qarşı sanksiyalarının qüvvəyə minəcəyi 2026-cı il 25 apreldən qadağan ediləcək.

2022-ci ilin yazından bəri Avropa Rusiya qazının alışını yarıya endirib, lakin hələ də idxalının təxminən beşdə birini təşkil edir. AB mayeləşdirilmiş təbii qaz alışının təxminən 15%-ni Rusiya şirkətlərindən alır. Bu da Rusiyanı ABŞ-dan sonra Avropanın ikinci ən böyük təchizatçısına çevirir. Mayeləşdirilmiş təbii qaz idxalı üçün aylıq ödəniş 500 milyon avrodan 700 milyon avroya qədər dəyişir.