BAKI, 21 noyabr. TELEQRAF
“LukOil” (LKOH) neft şirkətinin direktorlar şurası 2025-ci il üçün hər səhmə 397 rubl məbləğində aralıq dividendlərin ödənilməsini tövsiyə edib.
Teleqraf “ Qazeta Ru”-ya istinadən xəbər verir ki, cari qiymətlərlə dividend gəliri 7,2% təşkil edir.
Şirkətin səhmdarları dividendlərə dair son qərarı 29 dekabrda keçiriləcək ümumi yığıncaqda qəbul edəcək.
Bundan əvvəl “Kommersant” qəzeti “LukOil"in oktyabrın 23-nə planlaşdırılan və dividendlərə həsr olunmuş direktorlar şurasının iclasını ləğv etdiyini bildirmişdi . Bu xəbərin fonunda səhmlərin qiyməti 5%-dən çox ucuzlaşmışdı.
Oktyabrın 23-də ABŞ Maliyyə Nazirliyi “LukOil”ə qarşı sanksiyalar tətbiq edib, neft şirkətinin ABŞ-dakı aktivlərini dondurub və onun amerikalı həmkarları ilə əməliyyatlarını qadağan edib. Bu tədbirlər Rusiyanın neft və qaz şirkətlərini hədəf alan genişləndirilmiş məhdudiyyətlər paketinin bir hissəsidir.