BAKI, 7 oktyabr. TELEQRAF

Qlobal bərpa olunan enerji gücünün 2030-cu ilə qədər iki dəfə artaraq 4 600 qiqavata çatacağı gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında qeydolunub.

Məlumata görə, artımın təxminən 80 faizi günəş enerjisi, eləcə də külək, su, bioenerji və geotermal mənbələr hesabına olacaq. 2025–2030-cu illərdə dünyanın 80 faizdən çox ölkəsində bərpa olunan enerji gücünün artım tempi daha sürətli olacaq.

Günəş enerjisi gücünün növbəti beş ildə iki dəfədən çox artacağı və bərpa olunan enerjinin qlobal artımına töhfə verəcəyi proqnozlaşdırılır. Aşağı xərclər, sürətli icazə prosesi və geniş ictimai dəstək bu sahədə genişlənməni sürətləndirir.

Külək enerjisi təchizat zənciri problemləri, artan xərclər və icazə gecikmələri ilə üzləşsə də, Çin və Avropa İttifaqı kimi əsas iqtisadiyyatların bu çağırışlara cavab tədbirləri nəticəsində 2030-cu ilə qədər külək gücünün 2 000 qiqavatdan çox səviyyəyə çatacağı gözlənilir.

Su elektrik stansiyaları 2030-cu ilə qədər yeni bərpa olunan enerji gücünün 3 faizini təşkil edəcək. 2025–2030-cu illərdə nasoslu saxlama stansiyalarının daha sürətli inşası nəticəsində hidroenerjinin artımı əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə çox olacaq.

2030-cu ildə illik geotermal enerji gücünün artımı tarixi maksimuma çataraq 2024-cü illə müqayisədə üç dəfə çox olacaq. Bu artım əsasən ABŞ, İndoneziya, Yaponiya, Türkiyə, Keniya və Filippin kimi ölkələrdəki layihələr hesabına baş verəcək.