BAKI, 29 sentyabr. TELEQRAF
"Özəl sektor əməliyyatlarımızın əsasını təşkil edir. Ötən il investisiyalarımızın 74%-i birbaşa özəl sektor layihələrinə yönəldilmişdi. Bundan əlavə, təxminən 5 milyard ABŞ dolları həcmində özəl sektor investisiyalarını səfərbər etməyə kömək etdik. Belə desək, AYİB yeni investisiyaların açılmasına dəstək olur – bir yeni dollar əlavə investisiyaları iki yeni dollara qədər cəlb edə bilir və bu, qlobal iqlim keçidinə dəstək verir".
Teleqraf xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan üzrə direktor müavini Real Hacıyev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW 2025) deyib.
O bildirib ki, ən vacibi böyük infrastruktur layihələridir:
“Bunlar bərpa olunan enerji layihələri, infrastruktur və əlaqələndirmə layihələridir. Hər bir layihədə biz iqlim keçidini və qlobal prinsipləri layihə strukturlarına daxil etməyə çalışırıq. Layihə sponsorlarını bu elementləri tətbiq etməyə təşviq etmək üçün qarışıq maliyyələşdirmə, texniki dəstək və digər tədbirlərdən istifadə edirik.
Azərbaycan misalında isə, ötən il COP çərçivəsində hökumətə ilk bərpa olunan enerji hərraclarının təşkilində kömək etdik. Məsələn, Qaradağ regionunda 100 meqavatlıq günəş paneli hərrac vasitəsilə tenderə çıxarıldı və qalib Çin şirkəti oldu. Beləliklə, maliyyə cəlb etməkdən əlavə, müvafiq siyasət mühitinin yaradılması da vacibdir.
Yerli səviyyədə iqlim maliyyəsinin cəlb edilməsində əsas kanallarımız yerli maliyyə institutlarıdır. Biz tərəfdaş banklarla işləyərək vəsaiti yerli şirkətlərə yönəldirik. Bu təsir adətən kiçik addımlar vasitəsilə əldə olunur – infrastruktur layihələri qədər böyük olmaya bilər. Məsələn, daha yaxşı izolyasiya tətbiq edən, itkiləri azaldan və ya yağış suyundan istifadə edən şirkətlər daha yaxşı maliyyə şəraitindən faydalanaraq təşviq olunurlar. Bu, iqlim keçidinə nail olmağın başqa bir yoludur”.