BAKI, 29 sentyabr. TELEQRAF
"KOB-lar bugünkü iqtisadiyyatının mühərrikidir, onlar qlobal təchizat zəncirlərinin dayağıdır və bir çox hallarda iqlim təsirlərinə və pozuntularına qarşı həll yolları təqdim edən tərəf kimi çıxış edirlər. Lakin biz bilirik ki, onlar həm də iqlim dəyişikliyinin təsirlərinə qarşı ən həssas olanlardır. Hətta inkişaf etməkdə olan ölkələrdə KOB-ların 66%-i artıq biznes fəaliyyətlərində iqlim dəyişikliyinin təsirləri ilə üzləşir".
Teleqraf xəbər verir ki, bu barədə İqlim Çempionları Komandasında (High-Level Climate Champions team) Bizneslə Əlaqələr üzrə rəhbər Elif Karakulak Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW 2025) deyib.
O bildirib ki, KOB-ların əməliyyatlarını dekarbonizasiya etmək və dayanıqlılıq yaratmaq üçün kifayət qədər resursları, potensialı və imkanları yoxdur:
“Bu isə onların keçid prosesində geri qalma riskini artırır. Nəticədə, KOB-ların fəaliyyət göstərdiyi cəmiyyətlər, icmalar və insanların dolanışığı da risk altına düşür. Buna görə də, yaşıl iqtisadiyyata keçiddə KOB-ların mərkəzi rol oynaması vacibdir.
Məhz buna görə ötən il COP29-un Yüksək Səviyyəli Çempionu Nigar Arpadarainin rəhbərliyi ilə “Böyük KOB-lar üçün İqlim” kampaniyasına start verdik. Kampaniya KOB-ları iddialı iqlim tədbirləri görməyə təşviq və imkanlarla təmin etməyi hədəfləyir. Biz 45-dən çox beynəlxalq tərəfdaşla əməkdaşlıq etməkdən və yüzlərlə ölkədə 90 milyon KOB-u əhatə edən şəbəkəyə çıxış əldə etməkdən böyük qürur duyuruq. Eyni zamanda, kampaniyanın dəyərli tərəfdaşlarından biri kimi KOBİA ilə əməkdaşlıqdan da çox məmnunuq. COP29 çərçivəsində əldə edilən nailiyyətlər və iqlim dəyişikliyi üzrə komandanın gördüyü işlər həqiqətən də böyük uğurdur”.