BAKI, 29 sentyabr. TELEQRAF

"Ölkələr yaşıl keçid siyasətlərini təəssüf ki, sadəcə doğru olduğu üçün həyata keçirməyəcəklər. Onlar bunu əsasən daha ucuz olduğuna görə edəcəklər. Artıq bəzi sahələr var ki, orada yaşıl texnologiyaların tətbiqi ənənəvi texnologiyalardan daha ucuz başa gəlir. Sadəcə düzgün hesablamaları aparmaq kifayətdir".

Teleqraf xəbər verir ki, bu barədə energetika nazirinin müavini Elnur Soltanov Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW 2025) deyib.

O qeyd edib ki, bunlardan biri enerji istehsalıdır:

“Enerji istehsalı sahəsində Azərbaycan regionun ən böyük günəş elektrik stansiyasını inşa edib və bu prosesi davam etdirir ki, 2027-ci ilə qədər 2 qiqavatlıq bərpa olunan enerji gücü əldə olunsun. Hökumət isə investorların bu sahəyə cəlb edilməsini asanlaşdırır və 25–30 illik alış zəmanətləri təqdim edir. Bu isə öz növbəsində özəl sektor üçün sabit və etibarlı investisiya mühiti yaradır.

Başqa bir nümunə isə nəqliyyat sahəsindəki dəyişikliklərdir. Azərbaycanda avtomobil parkı sürətlə dəyişir – hər həftə elektromobillərin (EV) və hibrid avtomobillərin sayının artdığını görmək mümkündür. Bu, dövlətin məqsədyönlü addımlarının nəticəsidir. Belə ki, hökumət EV və hibrid avtomobillərə tətbiq olunan vergiləri azaldıb və nəticədə ölkədə bu yeni nəsil avtomobillərin geniş yayılmasına nail olunub. Bu həm şəhərlərin daha təmiz olması, həm də benzinin daha az istehlakı deməkdir. Əlavə olaraq, bu, istixana qazı emissiyalarının azalmasına xidmət edir.

Azərbaycan tez-tez “neft ölkəsi” adlandırılsa da, əslində ölkənin qlobal neft hasilatındakı payı 1%-dən, təbii qaz hasilatındakı payı isə 1%-dən azdır. Amma bütün bu addımlar Azərbaycanın yaşıl keçidə necə yanaşdığını göstərir”.

Elnur Soltanov daha bir nümunə olaraq Azərbaycanın ən böyük elektrik stansiyasını göstərib:

“Mingəçevir şəhərində yerləşən 2,4 qiqavatlıq stansiyada hökumət köhnə sovet turbinlərini hidrogenlə işləyə bilən yeni kombinə edilmiş qaz turbinləri ilə əvəzləyir. Nəticədə ölkədə təbii qazın sərfiyyatı ildə təqribən 0,5 milyard kubmetr azalacaq və bu da atmosferə milyonlarla ton CO2 emissiyasının qarşısını alacaq. Bu, olduqca əhəmiyyətli göstəricidir.

Ümumilikdə isə, Azərbaycanda bu sahədə hökumətin birbaşa müdaxiləsini görürük. Hökumət COP29-dan öncə də bu prosesləri başlatmışdı və ənənəvi enerji resurslarından əldə edilən maliyyə bazası yaşıl keçidə yönəldilir. Bu model daha kiçik və çevik idarəetmə strukturlarında uğurlu nəticə verir. Enerji siyasətinə baxanda, Azərbaycan artıq qabaqcıl mövqedədir”.