BAKI, 29 sentyabr. TELEQRAF
"Qarabağ və Şərqi Zəngəzur ərazilərinin 2050-ci ilə qədər sıfır emissiyalı zonaya çevrilməsi hədəflənib. Buraya həmçinin yaşıl enerji inkişafı, dayanıqlı kənd təsərrüfatı, ekoloji nəqliyyat, ağıllı şəhər və kəndlərin qurulması, minlərlə hektarı əhatə edəcək meşəsalma proqramı kimi innovativ təşəbbüslər daxildir".
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW 2025) deyib.
O qeyd edib ki, Azərbaycan real hədəflərə əsaslanan yaşıl keçidə sadiqdir:
“Əsas məsələ də budur. "Azərbaycan Respublikasının 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyası" çərçivəsində “Yüksək keyfiyyətli ətraf mühit” hədəfi üzrə 35 göstəricidən 72%-i icra olunub və bu da müsbət meyilləri əks etdirib. Hesabat dövründə müxtəlif sahələrdə layihələrin həyata keçirilməsi ilə nəzərəçarpacaq irəliləyişlər göstərib.
Hazırda növbəti mərhələ – 2026–2030-cu illər üçün yeni inkişaf strategiyasına hazırlıqlar başlayıb. İqlim dəyişikliyi ilə bağlı tədbirlər üzrə müzakirələr aparılır. Yüksək keyfiyyətli ətraf mühit hədəfinin fəaliyyət planında davamlı meşə idarəçiliyi və yaşıllıqların genişləndirilməsi, hidro-meteoroloji monitorinq və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi, hava keyfiyyətinin yaxşılaşdırılması, şəffaf ətraf mühitin qorunması, tullantıların səmərəli idarə olunması, torpaq resurslarının mühafizəsi və bərpası, biomüxtəlifliyin qorunması, iqlim dəyişikliyi ilə mübarizə və ekoloji nəzarət mexanizminin gücləndirilməsi prioritet istiqamətlər olacaq”.
Umayra Tağıyeva əlavə edib ki, bu hədəflərə çatmaq və keçidi sürətləndirmək üçün güclü hüquqi baza, effektiv institusional mexanizmlər və dayanıqlı siyasətlər əsas şərtlərdəndir.