BAKI, 1 sentyabr. TELEQRAF

Bir neçə Çin kredit-maliyyə qurumu Rusiyaya ödənişləri dayandırıb.

Teleqraf xəbər verir ki, onlardan biri də “Heihe Rural Commercial Bank” olub.

Qeyd edək ki, həmin bank Rusiya kredit təşkilatları üçün müxbir hesabları açan və sanksiyalara məruz qalmayan Çin banklarından biri idi.

Daha əvvəl digər Çin banklarının geri çəkilməsi nəticəsində Rusiyanın kiçik və orta biznes qurumları fəaliyyətini “Heihe Rural” üzərindən davam etdirirdilər.

Xatırladaq ki, Avropa İttifaqı Şurası iyulun 19-da “Heihe” bankına qarşı kriptoaktivlərlə bağlı xidmətlər göstərdiyi üçün sanksiya tətbiq edib. Qərar avqustun 9-dan qüvvəyə minib və həmin tarixdən etibarən Aİ vətəndaşlarına Çin bankı ilə hər hansı əməliyyatda iştirak qadağan olunub.

“Heihe Rural Commercial Bank” ilə yanaşı, daha bir Çin bankı – “Suifenhe Rural Commercial Bank” da Avropa sanksiyalarına məruz qalıb. Bu bank da rus bankları üçün müxbir hesablar açmağa razılıq verdiyinə görə ölkə üçün əhəmiyyətli hesab olunurdu.

Xatırladaq ki, iri Çin bankları Rusiyanın Ukraynaya hücumundan sonra əməkdaşlığı dayandırmışdı, lakin Pekin hələ də Moskva üçün mühüm iqtisadi dayaqlardan biri olaraq qalır. Çin paytaxtında isə Aİ-nin Çin banklarına qarşı tətbiq etdiyi sanksiyalara kifayət qədər sərt reaksiya verilir. KİV-in məlumatına görə, Çin hakimiyyəti artıq Litvanın “UAB Urbo Bankas” və “AB Mano Bankas” bankları ilə əməliyyatlar aparmağı qadağan edib.

Ödənişlərə alternativ olaraq Rusiya və Çin hesablaşmalar üçün köhnə barter üsullarına müraciət etməyə başlayıblar.