BAKI, 29 avqust. TELEQRAF

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,4% artaraq 2.09 milyard ABŞ dolları təşkil edib

Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın avqust sayında qeyd olunub.

Bu dövrdə yeyinti məhsullarının ixracı 23,9% artaraq 689 milyon ABŞ dollarına bərabər olub.

Hesabat dövründə ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 10,9 milyon ABŞ dolları və ya 55,1%, meyvə-tərəvəz 122,6 milyon ABŞ dolları və ya 31,9%, kimya sənayesi məhsulları 45,2 milyon ABŞ dolları və ya 30,4%, qara metallar və onlardan hazırlanan məmulatlar 8,6 milyon ABŞ dolları və ya 19,1%, pambıq iplik 2,6 milyon ABŞ dolları və ya 18,2%, çay 317 min ABŞ dolları və ya 8,8% artıb.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (178,8 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (156,9 milyon ABŞ dolları) ikinci, pambıq lifi (108,1 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2025-ci ilin iyul ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında şaftalı (48,5 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (33,9 milyon ABŞ dolları) ikinci, daş kömür qatranının yüksək temperaturlu qovulmanın təmizlənməmiş digər yüngül yağları və məhsulları (13,8 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Cari ilin yeddi ayında Rusiya Federasiyasına 716,6 milyon ABŞ dolları, Türkiyəyə 339,7 milyon ABŞ dolları, İsveçrəyə 186,6 milyon ABŞ dolları, Gürcüstana 183,4 milyon ABŞ dolları, Ukraynaya isə 109,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2025-ci ilin iyul ayında Rusiya Federasiyasına 130,6 milyon ABŞ dolları, Türkiyəyə 52,5 milyon ABŞ dolları, İsveçrəyə 34,3 milyon ABŞ dolları, Gürcüstana 28,7 milyon ABŞ dolları, Ukraynaya isə 14,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

2025-ci ilin yanvar-iyul ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "PRIME COTTON" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Export Stream" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Baku Steel Company" QSC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "UYTROP" Məhdud Məsuliyyətli Cəmiyyəti, "P-AQRO" MMC, "Sahdag SY" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Avrora" Məhdud Məsuliyyətli Cəmiyyəti, "HOPER" Məhdud Məsuliyyətli Cəmiyyəti.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC,"SOCAR-DALĞIC" MMC, "Azərbaycan Dəmir Yolları" QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, "İstisu" mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti.