BAKI, 24 aprel. TELEQRAF

Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevdən bəhs edən silsilə filmlərin rejissoru və ssenari müəllifi Zaur Qasımlı "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Bakı Media Mərkəzi tərəfindən çəkilən "Tağıyev: Məktəb" filminin aprelin 30-dan etibarən kinoteatrlarda nümayişi planlaşdırılır. Ümumiyyətlə, filmdən gözləntiləriniz nələrdir?

- Sözsüz ki, tamaşaçılar bundan əvvəlki seriyaları izləyib, bəyənib və seviblər. Hətta onlara pərəstiş edən də var. Bu məntiqlə növbəti seriya intizarla gözlənilir. Artıq sonuncu bölümdür, “Tağıyev: Məktəb” filmi ilə layihəmiz yekunlaşır.

- Layihənin ümumi uğurunu nəzərə alaraq, sizin fikrinizcə, ən təsirli və yadda qalan seriya hansıdır?

- Fikrimcə, ən uğurlu bölüm elə indiki "Tağıyev: Məktəb" filmidir.

- Necə düşünürsünüz, dörd bölümlə Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətini tam göstərə bilmisinizmi?

- Xeyr, hadisələr 1901-ci illə, məktəbin açılışı ilə yekunlaşır. Dördüncü bölüm məhz məktəbə həsr olunub. Ondan sonrakı dövrə aid hadisələr ssenaridə yazılı şəkildə yer alsa da, film çəkilməyib.

- Filmin davamı nə zamansa çəkilə bilərmi?

- Lazım olarsa, rəhbərlik tərəfindən çəkiləcək...

- “Tağıyev: Məktəb” filmi Hacı Zeynalabdin Tağıyevin maarifçilik fəaliyyətinə həsr olunub. Bu hissədə onun təhsil sahəsində gördüyü işlər hansı əsas ideya və mesajlarla təqdim olunur?

- Bu bölümdə məktəbin yaradılması uğrunda gedən proses ətraflı şəkildə təqdim olunur və dramaturji baxımdan əvvəlki bölümlərdə açıq qalan bütün xətlər məhz burada tamamlanır. Filmdə 1922-ci ilə aid bir epizod da yer alır: amerikalı jurnalistin gələrək Tağıyevdən müsahibə alması. Bu xətt dörd seriyanın hamısında qorunub saxlanılıb və ekran əsərinin əsasını məhz Tağıyevin həmin müsahibə zamanı səsləndirdiyi fikir və xatirələr təşkil edir.

- Qeyd etdiniz ki, sizin üçün ən maraqlı bölüm “Tağıyev: Məktəb” filmidir. Həmin bölümü xüsusi edən və sizin üçün fərqləndirən konkret səhnələr hansılardır?

- Filmdə ən təsirli səhnələrdən biri məktəbin açılış mərasimidir. Bununla yanaşı, məktəbin yaradılması uğrunda şəhər mollaları ilə aparılan mübarizə xüsusi dramatik xətt kimi diqqət çəkir. Şəhərin mərkəzindəki qarşıdurma səhnəsində mollalarla ciddi mübahisə olur və Tağıyevin qətiyyətli mövqeyi nəticəsində o, üstünlük qazanır.

Məktəbin açılışı ərəfəsində baş verən bu toqquşmalar süjetin əsas gərginlik nöqtələrindən biridir. Mollalar məktəbin fəaliyyətini küfr hesab edir, onun açılmasına mane olmağa çalışır və bunu dini dəyərlərə zidd kimi qiymətləndirirlər. Lakin Tağıyev yenilikçi baxışı və iradəsi ilə bu müqaviməti aşır.

“Tağıyev: Məktəb” filmində xüsusilə iki səhnə - mollalarla qarşıdurma və açılış mərasimi kulminasiya nöqtəsi kimi təqdim olunur. Hər iki epizodda Tağıyev qalib gəlir və nəticədə məktəbin açılışı baş tutur. Bu səhnələr həm emosional təsiri, həm də ideya yükü baxımından filmin ən yaddaqalan məqamları kimi seçilir.

- Tarixi şəxsiyyət olan Hacı Zeynalabdin Tağıyev obrazını ekrana gətirərkən tarixi dəqiqlik və bədii yanaşma arasında balansı necə qorudunuz?

- Layihənin bütün bölümləri əsasən tarixi faktlar üzərində qurulub. Süjet xəttində neftin fontan vurması, Saranın Bakıya gəlişi, Tağıyevin ikinci evliliyi və məktəbin açılışı kimi mühüm hadisələr yer alır. Bu məqamların hər biri tarixən təsdiqlənmiş faktlardır və onların doğruluğu ilə bağlı heç bir şübhə yoxdur. Biz ekranlaşdırma prosesində bu hadisələrin hamısını qoruyub saxlamağa və mümkün qədər autentik şəkildə təqdim etməyə çalışmışıq.

- Film vasitəsilə müasir tamaşaçıya, xüsusilə gənclərə Hacı Zeynalabdin Tağıyevin maarifçilik ideyaları haqqında hansı mesajı çatdırmaq istəyirsiniz?

- Bu, daha çox Hacı Zeynalabdin Tağıyevin şəxsiyyətinə duyulan dərin rəğbət və qürur hissindən irəli gəlir. Millətimizin belə bir övladının olması hər birimiz üçün fəxr mənbəyidir. O, bütün həyatını xalqına xidmətə həsr edib, əlindən gələni əsirgəməyib.

Hesab edirəm ki, dörd hissəli filmimiz gənclər üçün də bir örnəkdir, necə yaşamaq, hansı dəyərlərə sadiq qalmaq və hansı istiqamətdə çalışmaq lazım olduğunu göstərir. Bu baxımdan layihənin tərbiyəvi və maarifləndirici əhəmiyyəti də böyükdür.

Mən hər kəsi filmi izləməyə dəvət edirəm. Düşünürəm ki, tamaşaçılar üçün maraqlı və düşündürücü olacaq.