BAKI, 28 avqust. TELEQRAF
İqtisadiyyat nazirinin birinci müavini, Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında Ticarət və İnvestisiya Əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun həmsədri Elnur Əliyevin Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz ilə görüşü zamanı braziliyalı sərmayədarlar ölkəmizdə fəal əməkdaşlığa dəvət olunub.
İqtisadiyyat Nazirliyindən Teleqraf-a verilən məlumata görə, görüşdə qarşılıqlı səfərlər, imzalanan sənədlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığı vurğulanıb.
Həmçinin ilk iclası bu ilin 1 sentyabrında Braziliyada keçiriləcək Azərbaycan-Braziliya Birgə İşçi Qrupu işbirliyi üçün önəmli mexanizmdir.
Braziliya ilə ticarət və investisiya münasibətlərinin mövcud potensiala uyğun gücləndirilməsinin önəmi qeyd olunub. Bununla yanaşı, ölkələrimiz arasında tərəfdaşlıqda kənd təsərrüfatı, nəqliyyat, təhsil və texnologiya, turizm sahələri əsas prioritetlər kimi diqqətə çatdırılıb.
Azərbaycanda yaradılmış əlverişli işgüzar mühit, investorlar üçün yaradılan imkanlar haqqında məlumat verilib.
Tərəflər əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi barədə müzakirə aparıblar.