BAKI, 21 avqust. TELEQRAF
"Bakı Metropoliteni"ndə qatar cütlərinin sayı artırıla bilər.
Teleqraf xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin rəsmi sosial şəbəkəsində müvafiq məzmunlu video paylaşılıb.
Qeyd edək ki, qurumdan məsələ ilə bağlı Teleqraf-ın sorğusuna cavab olaraq bildirildi ki, yeniliyin nə vaxt tətbiq ediləcəyi və hansı bölgəni əhatə edəcəyi ilə bağlı konkret qərar qəbul olunmayıb:
"Təqdim edəcəyimiz yeniliklə bağlı geniş məlumat vermək üçün hələ tezdir. Bu barədə texniki sınaqlar keçirilməlidir. Yenilik tətbiq edildən sonra qatarlar arasında intervalın azalması mümkündür".
Xatırladaq ki, Bakı metrosunda qatar cütlərinin sayı sonuncu dəfə cari ilin mayında 30-dan 32-yə yüksəldilib və pik saatlarda qatarlararası interval 1 dəqiqə 52 saniyəyə qədər azaldılıb.
“Cüt qatar” anlayışı müəyyən bir stansiyadan bir saat ərzində keçən qatarların sayını ifadə edir və bu göstərici infrastrukturun, xüsusilə də qatarların hərəkət təhlükəsizliyi sisteminin texniki imkanları ilə müəyyənləşir.