BAKI, 18 avqust. TELEQRAF
Bu il Azərbaycana ümumilikdə 63 401 ədəd avtomobil idxal olunub.
Teleqraf xəbər verir ki, bu barədə Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, avtomobillərin ümumi statistik dəyəri 1 milyard 170,9 milyon ABŞ dolları təşkil edib.
İdxal edilən avtomobillərin əsas hissəsini minik maşınları təşkil edir. Belə ki, ölkəyə 58 044 ədəd minik avtomobili və digər mühərrikli nəqliyyat vasitəsi gətirilib. Bu kateqoriyanın ümumi dəyəri 1 milyard 60,4 milyon ABŞ dolları olub.
Minik avtomobilləri arasında hibrid və elektrik mühərrikli nəqliyyat vasitələrinin payı da diqqət çəkir. Xarici mənbədən doldurma qabiliyyəti olan hibrid avtomobillərin sayı 10 390 ədəddir və onların dəyəri 214,2 milyon ABŞ dolları təşkil edir. Daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki olan avtomobillərin sayı 19 568 ədəd olub və dəyəri 386,9 milyon ABŞ dollarıdır. Yalnız elektrik mühərrikli avtomobillərin sayı isə 1 180 ədəd və ümumi dəyəri 38,1 milyon ABŞ dollarıdır.
Bundan əlavə, ölkəyə 305 ədəd avtobus və mikroavtobus (25,2 milyon ABŞ dolları), 4 759 ədəd yük avtomobili (57,1 milyon ABŞ dolları) və 293 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi (28,1 milyon ABŞ dolları) idxal edilib.